Qaynar xətt:

(+99450) 247 90 86

Metronun bağlanan hissəsi təhsilin formasına təsir edəcəkmi? – Ekspertdən AÇIQLAMA  

Metronun bağlanan hissəsi təhsilin formasına təsir edəcəkmi? – Ekspertdən AÇIQLAMA  

CƏMİYYƏT

63

12.08.2026, 14:10

Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində "Nizami–28 May" mənzilində qatarların hərəkətinin təxminən 10–11 ay müddətinə dayandırılması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Təmir-bərpa işləri ilə əlaqədar paytaxt nəqliyyatında müəyyən sıxlıqların yaranacağı gözlənilir. Xüsusilə həmin istiqamətdə yerləşən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin gediş-gəlişində çətinliklərin ortaya çıxacağı ehtimal edilir. Yaranan vəziyyət fəaliyyət göstərən təhsil ocaqlarında dərslərin müvəqqəti olaraq hibrid və ya distant formada keçirilməsi məsələsini gündəmə gətirib. Valideynlər və tələbələr dərslərin online formaya keçirilib-keçirilməyəcəyini maraqla gözləyirlər.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və mövcud təhsil standartlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin forması (əyani, qiyabi, hibrid və ya distant) birbaşa Elm və Təhsil Nazirliyinin müvafiq qərarları, həmçinin universitetlərin akademik sərbəstliyi və daxili nizamnamələri çərçivəsində tənzimlənir. 

Onun sözlərinə görə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi ilə əlaqədar 'Nizami–28 May' mənzilində qatarların hərəkətinin təxminən 10–11 ay müddətində dayandırılması paytaxt nəqliyyatında sıxlıqların yaranmasına səbəb olsa da, bu vəziyyət hələlik ali və orta ixtisas təhsili müəssisələrində dərslərin kütləvi şəkildə hibrid və ya distant formaya keçirilməsi üçün birbaşa hüquqi və ya zəruri əsas yaratmır.

Ekspert qeyd edib ki, nəqliyyat çətinliklərinin aradan qaldırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən alternativ ekspres avtobus marşrutları (məsələn, 'Elmlər Akademiyası', 'İnşaatçılar' və '20 Yanvar' stansiyalarından '28 May' və 'Gənclik' istiqamətlərinə hərəkət edən M1, M2, M3, M5, M6 xətləri) açılıb və mövcud marşrut xətlərində avtobusların sayı artırılıb. Buna görə də tədris müəssisələrinin əsasən ənənəvi (əyani) formada fəaliyyətini davam etdirməsi nəzərdə tutulur. 

Çimnaz Telmanqızı